HƏZRƏT FATİMƏNIN ŞƏXSİYYƏTİ

Adı : Fatimə (s)

Atasının adı : Muhəmməd (s)

Anasının adı : Xədicə (s.ə.)

Təvəllüdü : 20 cəmadiüs-sani, cümə günü, besətin 5-ci ili.

Doğulduğu yer : Məkkə

Şəhadət ili : Hicri 11-ci il

Dəfn olunduğu yer : Məlum deyildir.

İslamdan əvvəl, cahiliyyət dövründə qadınları bədbəxtlik səbəbi hesab edir, buna görə də qız uşaqlarını diri-diri basdırırdılar.

Amma islam dini belə inam və düşüncələrə zidd olduğuna görə Həzrət Peyğəmbər (s) həmişə cahiliyyət millətinin fikri və əməllərini tənqid edirdi. O, qadınların da kişilər kimi insan olduqlarını, onların da insanlıq imtiyaz və hüquqlarından istifadə edə bilmələrinin zəruriliyini və heç kəsin qadınları təhqir etmək haqqına malik olmadığı fikrini müdafiə edirdi.

İslam və Quran tərbiyəsi ilə böyüyən Xədicə, Fatimə və Zeynəb kimi şəxsiyyətlərlə islamın qadınlara verdiyi böyük qiymət nümayiş etdirilir. Bütün əsrlərin qadınları üçün örnək olmalı belə misilsiz qadınların yetişməsi qadın olmağın həqiqi mənasını ifadə edir.

Indi isə həmin qadınlardan biri olan, Peyğəmbərin (s) qızı, Əlinin (ə) xanımı, Həsən və Hüseynin, Zeynəbin anası Həzrət Fatimənin (s.ə.) həyatını oxuyacağıq. Bununula da nümunəvi müsəlman qadının necə olduğunu müşahidə edəcəyik inşaallah.

TƏVƏLLÜDÜ

Həzrət Zəhranın (s.ə.) doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə belə buyurdu: "İndi Cəbrail mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız dünyaya gələcək, bütün imam və məsum rəhbərlər onun nəslindən gələcək".

Həzrət Fatimə (s.ə.) besətdən (Həzrət Muhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, cəmadiüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı. O vaxtlar Qureyş hələ Kəbənin binasını yenidən tikdirirdi.

HƏZRƏT FATİMƏNİN (s.ə) TƏRBİYƏSİ

Həzrət Fatimə (s) nübuvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydalandı. Quranı Peyğəmbərin (s) dilindən eşidib öyrənirdi. Həzrət Fatimə (s.ə.) Quran və atasının sözlərinə çox bağlanmışdı.

Bir gün Ayişə Peyğəmbərə (s) belə bir sual verdi: «Nəyə görə Fatiməni bu qədər sevirsən? O içəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında otuzdurub əlini öpürsən?»

Peyğəmbər (s) onun cavabında belə buyurdu: "Ey Ayişə! Əgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən!".

Peyğəmbərimiz (s) Həzrət Fatiməni (s.ə.) öz bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: "Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir".

Həzrət Peyğəmbər (s) bir gün Həzrət Fatiməyə (s.ə.) belə buyurdu: "Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla və sevincinlə isə sevinir".

FATİMƏNİN ( s ) PEY Ğ ƏMBƏRƏ BƏNZƏMƏSİ

Həzrət Fatimənin (s.ə.) siması, danışığı və hərəkətləri atasına çox bənzəyərdi. Belə ki, Ümmü Sələmə bu haqda belə deyir: "Peyğəmbərə ən çox bənzəyən Fatimə idi".

Ayişə isə belə deyir: "Danışıqda Peyğəmbərə Fatimədən daha çox bənzəyən birisini görmədim".

ATA QIZ

Peyğəmbərlə (s) Fatimə (s.ə.) arasında olan sevgi və məhəbbət birtərəfli deyildi. Həzrət Zəhra (s) da atasını çox sevirdi. Buna görə də anası Xədicə vəfat edəndən sonra Həzrət Fatimə (s.ə.) altı yaşında olmasına baxmayaraq, atasının evdəki bütün ehtiyaclarını təmin edərək rahat olmasına cəhd göstərirdi.

Atasının mübarək alnından qan damlaları töküldüyü vaxt balaca əlləri ilə atasının üzünü təmizləyib yaralarını müalicə edər, şirin sözlərlə atasına təsəlli verərdi.

Elə bir ata ki, peyğəmbərlik kimi ağır bir vəzifəni öhdəsinə alaraq cəbhələrdə bütpərəstlik və cəhalətlə döyüşdüyü üçün öz vətənində qərib, şəhərində və qohumlarının arasında tək qalmışdı, hamı ondan üz döndərmişdi.

Həzrət Fatimə (s) öz məhəbbəti ilə atasının ürəyini sevinclə doldurub onun risalətinə inanan, ona qüvvət və ümid verən bir qız idi.

Elə buna görə də atası onun haqqında belə buyurmuşdu: "Atası Fatiməyə fəda olsun". Və ona "atasının anası" ləqəbini vermişdi. Çünki o, atasına bir ana kimi qayğı göstərirdi.

HƏZRƏT FATİMƏNİN ( s . ə .) İZDİVACI

Həzrət Fatimənin (s.ə.) artıq ərə getmək vaxtı çatmışdı. Onun əri elə bir adam olmalı idi ki, insanlıq dəyərlərində və kamal üstünlüyündə Fatimə ilə bərabər olsun. Eləcə də Zəhraya layiq olan hörmət və sevgini ona göstərib dəyərini dərk etsin. Həzrət Fatiməyə (s.ə.) bir çox ailələrdən elçilər gəlirdi. Bunlardan bəziləri isə Ömər, Əbu Bəkr və başqaları idi. Amma Həzrət Peyğəmbər (s) qızına elçi gələnlərə belə buyurardı: "Bu barədə vəhy gözləyirəm".

Nəhayət vəhy gəldi və Həzrət Fatimənin (s.ə.) əri bəlli oldu. "Ey Peyğəmbər! İşığı işıqla - Fatiməni Əli ilə evləndir!".

Əlinin (ə) Həzrət Fatimə (s.ə.) ilə evlənəndə, əlində dünya malından bir şey olmasına baxmayaraq, bütün maddi dəyərlərdən daha üstün və dəyərli bir xəzinəsi var idi: İnsanlıq şərəfi və təqva.

Peyğəmbər (s) Həzrət Əlinin (ə) istədiyini qəbul etdikdən sonra qızının fikrini soruşmaq üçün onun yanına gəlib buyurdu:

"Sən də Əlini yaxşı tanıyırsan, o xalqın arasında mənə ən yaxın olanı, islama saysız-hesabsız xidmətlər göstərmiş fəzilətli bir adamdır. Bax, Allah da sənin üçün Əlini seçib. Sənin bu haqda fikrin nədir?"

Fatimə susdu. Peyğəmbər onun sükutundan xanım Zəhranın bu məsələyə razı olmasını başa düşüb çox sevindi.

TOY MƏRASİMİ

Peyğəmbərin (s) əmri ilə Bəni Haşim qəbiləsi və əshab o gün bir yerə yığıldılar. Daha sonra Peyğəmbər (s) bir xütbə oxuyaraq Əli ilə Fatiməni evləndirdi. Kəbininə də dörd yüz misqal gümüş təyin etdi.

Əshabdan birisi deyir: "Həzrət Fatimənin (s.ə.) kəbin mərasimində Peyğəmbər (s) qoyun kəsib sadə bir yemək verəndən sonra, hamıdan bu barədə şahidlik aldı".

Həzrət Zəhranın (s.ə.) kəbininin kəsilməsindən bir ay sonra, hicrətin ikinci ilində toy mərasimi keçirildi. O axşam Peyğəmbər (s) Fatimənin (s.ə.) əlini Əlinin (ə) əlinin üstünə qoyub buyurdu:

"Ey Əli! Fatimə sənin üçün seçilmiş ən yaxşı xanımdır." Sonra isə Fatiməyə sarı dönüb buyurdu: "Ey Fatimə! Əli də sənin üçün seçilən ən yaxşı ərdir". Sonra "artıq öz evinizə gedə bilərsiniz", - deyərək onları evlərinə yola saldı.

Mühacir, ənsar və Bəni Haşim qadınları, əshab və dostlar şamdan sonra Həzrət Fatiməni (s.ə.) Peyğəmbərin (s) dəvəsinə mindirib sevinc və şadlıqla onu Həzrət Əlinin (ə) evinə apardılar.

Əli (ə) və Fatimə (s.ə.) Mədinədən səkkiz kilometr uzaqlıqda, Quba məscidinin yanında yeni həyatlarına başladılar. Həmin məscid hicrət əsnasında Peyğəmbərin (s) Həzrət Əlini (ə) bir həftə gözlədiyi yerdə tikilmişdi.

Çox çəkmədi ki, onlar yenidən Mədinəyə köçüb özlərinə Peyğəmbərin (s) qonşuluğunda bir ev tikdilər. Çünki Peyğəmbər (s) üçün Əli və Fatiməni yanında görməmək, onlardan uzaq qalmaq çox çətin idi. Əli (ə) öz evini palçıq, xurma ağacının yarpaq və budaqlarından tikdi. Onların evlərinin kiçik qapısı ilə Peyğəmbərin evinin qapısı hər gün səhər çağı, iki ürəyin bir-birinə qovuşduğu kimi, bir-birinin üzünə açılırdı.

Quran və hədislərdə bu qədər təriflənən, bütün pisliklərdən uzaq olduğu qeyd olunan Əhli-beyt, itrət evi və ailəsi, məhz elə bu ev və bu ailədə idi.

Elə bir ev ki, Əli orada ata, Fatimə ana, Həsən və Hüseyn oğlu, Zeynəb ilə Ümmi Gülsüm isə qızı idilər.

Bu ev bütün zaman və illərdə nəsillər üçün nümunəvi bir örnəkdir.

BƏRƏKƏTLİ AİLƏ

Həzrət Fatimə (s.ə.) Əli (ə) ilə birgə böyümüşdü, onu qayğıkeş bir ər və atasının ətrafında dolanan yüksək bir insan kimi tanımışdı.

Artıq bu iki insanın qəlbi xüsusi bir şəkildə bir-biri ilə qovuşmuşdu. Belə ki, heç birinin cahiliyyətlə əlaqəsi yox idi. İkisi də həyatlarının ilk illərindən başlayaraq risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdülər. Həzrət Fatimə (s.ə.) bilirdi ki, Həzrət Əlinin (ə) maddi sərvəti yoxdur, onun ən böyük sərmayəsi yalnız atasının hədəfləri uğrunda fədakarlıq etməsidir.

O bilirdi ki, əri bütün cavanlığını inam və cihad ilə keçirərək ömrü boyu islam və müsəlmanlara xidmət etmiş, cihaddan başqa bir şey düşünməmişdir.

Xanım Zəhra özü un üyüdər, çörək yapar və bütün ev işlərini görərdi. Halbuki, bacıları Zeynəb, Rüqəyyə və Ümmü Gülsüm ərlərinin evində bolluq və nemət içində yaşayırdılar.

Fatimə (s.ə.) cavan ağac kimi vəhy işığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Quranın buyurduğu kimi "Şəcəreyi Təyyibə" (yaxşılar ağacının) başlanğıcı olmalı idi.

NÜMUNƏVİ AİLƏ

Həzrət Əli (ə) ilə Fatimənin (s.ə.) həyatı bütün nəsillər üçün laiyqli bir məktəbdir ki, ondan nümunəvi dərslər öyrənmək lazımdır.

Onların arasındakı əməkdaşlıq diqqətə layiqdir. Belə ki, Əli (ə) çöl işlərindən əlavə ev işlərində də Fatiməyə kömək edərdi. Fatimə (ə) də həmişə Əlinin (ə) razılığını cəlb etməyə, eləcə də onun narahatlıq və yorğunluğunu azaltmağa çalışardı.

Bir-birlərinə qarşı olan rəftarları sanki tərbiyə və ədəbdən yoğrulmuşdu. Belə ki, bu iki həyat yoldaşı heç vaxt bir-birlərini adları ilə çağırmazdılar.

Əli (ə) xanımını çağıranda "ya bintə Rəsulullah" (ey Peyğəmbərin qızı) - deyə onu səsləyər, Fatimə (s) isə ərini "ya Əmirəl-möminin" - deyə çağırardı.

Bir belə çətinliklərlə yanaşı uşaqlarının təlim-tərbiyəsini də unutmurdular. Onların sözlərinə qulaq asır, müxtəlif suallarına cavab verərək bu balaca uşaqlar ilə çox mehriban rəftar edirdilər. Heç vaxt onların üstünə qışqırmaz və ya narahatedici bir söz söyləməzdilər.

İZDİVACIN MEYVƏLƏRİ

Hicrətin 3-cü ilində Həzrət Fatimənin (s.ə.) ilk uşağı dünyaya gəldi və uşağın adını Həsən (ə) qoydular.

Bu övladın doğumu ilə Peyğəmbərimizin kin, düşmənçilik və dostlarının işgəncəyə məruz qalmasından yoğrulmuş ruhu sevindi və həyatın şirinliyini daddı.

Peyğəmbər (s) dərhal sevinc və şadlıq içində Fatimənin evinə gəlib Fatimə ilə Əlinin ilk meyvəsi olan uşağı qucağına alaraq qulağına azan oxudu və onun saçının ağırlığı qədər Mədinənin yoxsullarına gümüş payladı.

Bir il sonra isə ikinci övladları Hüseyn (ə) dünyaya gəldi.

Artıq Peyğəmbərin (s) Allahın təqdiri ilə əlindən gedən iki oğlu, Qasim və Tahirin yerinə iki övladı dünyaya gəlmişdi.

Sanki Allah, Peyğəmbərin (s) nəslinin təkcə Fatimənin (s.ə.) uşaqları ilə davam etməsini istəmişdi. Bu ulduzların dünyaya gəlməsi ilə yeni bir üfüq yarandı. Çünki, Həzrət Muhəmməd (s) özünü, Əlini və Fatiməni bu iki uşağın simasında görürdü.

Peyğəmbər (s) Həsən ilə Hüseyni iki uşağının əvəzində bağışladığı üçün öz Allahına şükr edirdi. O Həzrətin Həsən və Hüseynə olan dərin məhəbbəti hamını heyrətdə qoymuşdu.

Bir gün Fatimənin evinə gəldiyi vaxt Əli (ə) ilə Fatimə (s.ə.) yatmış, Həsəni isə ağlayan görüb yavaşca tez bir qoyunu sağıb südünü Həsənə (ə) içirdərək onu ovutdu.

Başqa bir gün isə Fatimənin (s.ə.) evinin yanından keçəndə Hüseynin (ə) ağladığını eşitdi. Tez evə girib Fatiməyə (s.ə.) buyurdu: "Bilirsənmi ki, onun ağlaması məni də ağladır?!"

Hüseyndən (ə) bir il sonra bir qızları dünyaya gəldi, adını Zeynəb qoydular. Bir il sonra yenidən bir qızları oldu və onun da adını Ümmü Gülsüm qoydular.

Zeynəb və Ümmü Gülsüm Peyğəmbərin (s) vəfat edən iki qızının adları idi. Hicrətin 8-ci ilində Allah-taala Peyğəmbərinə (s) daha bir övlad ehsan etdi ki, adını İbrahim qoydular. Amma bir il sonra o öldü.

Artıq Peyğəmbər (s) qızının uşaqlarına elə bağlanmışdı ki, onlardan heç cür ayrıla bilmirdi. Evdən çıxıb Mədinənin küçələrində gəzdiyi vaxt, həmişə bu iki uşaqdan birisini özü ilə gəzdirərdi.

ATASININ ÖLÜM YATA Ğ INDA

Peyğəmbər (s) xəstələnmişdi, başı Həzrət Əlinin (ə) sinəsi üstündə, əli ilə onun əlindən tutmuşdu. Fatimə (s.ə.) də Peyğəmbərin (s) yatağının yanında oturub ağlayırdı. Atası gözlərini açıb Həzrət Fatiməni (s.ə.) ağlayan gördükdə ona belə buyurdu: "Qızım, mənə Quran oxu!". Fatimə (s.ə.) də Qurandan bir neçə ayə oxudu. Peyğəmbər (s) həyatının son anlarında, ölümünün rahat ötməsi üçün qızının səsini eşitmək istəyirdi.

Peyğəmbər (s) dünyadan köçərkən evini qəm və matəmə bürümüşdü.

Atasının vəfatından kədərlənən Fatimənin (s.ə.) bədəninə sanki ağır bir zərbə endirilmişdi. Az bir müddət keçməmiş yeni bir zərbə endirildi: o da ərinə qarşı törədilən cinayət idi.

Həzrət Fatimeyi-Zəhra (s.ə.) əvvəlki kimi yenə də fədakarlıqla ərinin qəsb olunmuş haqqını müdafiə edirdi.

Belə ki, hətta bir gün Bəni Haşim və ənsardan olan qadınlarla birgə atasının məscidinə gəlib, xəlifənin hüzurunda fövqəladə təsiredici bir xütbə oxuyaraq sözlərini açıq-aşkar bəyan etməsi oradakıların hamısını ağlatmışdı. Amma onların qayğısını görməmişdi. Sanki, onların üstünə soyuq su ələnib zillət tozu qonmuşdu.

Həzrət Fatimə (s) əsəbi və narahat bir şəkildə evə gəlib, Əliyə (ə) buyurdu: "Nəyə görə haqqını müdafiə etmirsən?"

Həzrət Əli (ə) Fatimənin (s.ə.) cavabında belə buyurdu: "Atanın adının məscidlərdə ucalmasını istəyirsənmi? Atanın hədəflərinin məhv olmamasını istəyirsənmi?"

Fatimə "Bəli" - dedi.

Əli (ə) belə buyurdu: "Əgər onların istədiyi kimi mən də qılınca əl aparsam, atanın və ərinin zəhmətləri puça çıxar və hamımız məğlub olarıq."

Fatimə (s.ə.) heç bir söz danışmadı və öz sükutu ilə mübarizəsinə davam etdi. Eynilə iyirmi beş il susaraq məzlumluğunu aləmərə əməli ilə car çəkib nümayiş etdirən əri Həzrət Əli (ə) kimi.

HƏZRƏT FATİMƏNİN ŞƏHADƏTİ

Artıq yaşaya bilmirdi Zəhra. Gün keçdikcə yaradanına qovuşmaq üçün səbirsizləşirdi. Nəhayət hicri 11-ci ilin cəmadiüs-sani ayının üçüncü bazar ertəsi günü, atasının vəfat etdiyi ildə, uşaqlarını öpüb onlarla vidalaşdı.

Qoy bütün nəsillər bilsin ki, Peyğəmbərimizin (s) qızı xanım Zəhra öz əcəli ilə ölməmişdir. Onu və onun bətnindəki hələ dünyaya gəlməmiş Möhsününü xəyanətkar zalımlar şəhid etmişlər. Çünki, xanım Zəhra öz atası və ərinin qəsb olunmuş haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən amansızcasına qətlə yetirilmişdir. Bəli, o gecə Zəhra bütün ailəsi ilə vidalaşdı:

Yeddi yaşında olan Həsən (ə) ilə;

Altı yaşında olan Hüseyn (ə) ilə;

Beş yaşındakı Zeynəb (ə) ilə;

Üç yaşında olan Ümmü Gülsüm ilə;

Axırda isə Əli (ə) ilə vidalaşdı. Nə çətin idi o vida anları! Fatimə (s.ə.) qüsl etmək üçün su istədi. Allahı ilə görüşə getdiyi üçün təzə paltar geydi. Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı. Bir az sonra gözlərini yumub dünyadan köçməsi ilə Əlinin (ə) evində yanan bir şam artıq sönmüşdü.

Əli (ə) Fatimənin (s.ə.) vəsiyyətinə əməl edərək ona özü qüsl verdi, kəfənləyib dəfn etdi.

Xanım vəsiyyət etdi ki, qəbrinin yeri gizli qalsın. Həzrət Fatimə (s.ə.) bu vəsiyyətilə gələcək nəsillərə bunu demək istəyirdi ki, mənə zülm olundu, ürəyim qəmlə doludur və mən intiqam gününü gözləyirəm.

Artıq Əli (ə) yalqızdır. Tənha özü qalıb, bir də uşaqları...

Həzrət Zəhranın (s.ə.) qəbrinin yanında oturub Peyğəmbərin (s) qəbrinə xitabən dedi: "Ey Allahın Peyğəmbəri! Mənə tapşırdığın əmanəti sənə qaytarıram. Başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu kimi danışacaqdır. Bütün suallarını ondan soruş. O, hamısını sənə deyəcək!"