Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də ona yaxın olan qohum-əqrəba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl rəftar etməsidir. O, vaxtaşırı öz müsəlman qardaşının görüşünə getməli və onların vəziyyəti ilə yaxından maraqlanmalıdır. Qarşılaşdıqları çətinliklərdə onlara yardım etməli, qəm-qüssələrində şərik olmalıdır ki, onlar özlərini tək hiss etməyib təsəlli tapa bilsinlər. Eyni zamanda onların həm sevinc, həm də kədərlərinə şərik olmalıdır ki, aralarındakı dostluq və qardaşlıq əlaqələri daha da güclənsin. Səhvə yol verdikləri zaman bir müsəlman kimi onlara tövsiyə etməli, günahdan çəkinməkdə köməklik göstərməlidir.

Çətinliklərlə qarşılaşdığımız və hər hansı bir səhvə yol verdiyimiz zaman yaxın qohum-əqrəbalarımızın bizə köməklik göstərməsini və problemlərimizin həllində yardımçı olmalarını istədiyimiz kimi, təbii ki, belə bir rəftarı onlar da bizdən gözləyirlər.

Demək, yaxın qohum-əqrəba ilə sıx ünsiyyətdə olmaq ilk növbədə buna riayət edən şəxslər üçün faydalıdır.

Əli (ə) bu haqda buyurur:

"Ey camaat! Bu bir həqiqətdir ki, var-dövlət sahibi olsanız da qohum-əqrəbanızdan və onların himayəsindən ehtiyacsız deyilsiniz. Hər bir şəxsin qohum-əqrəbası və ailə üzvüləri ona ən böyük arxa və yardımçıdırlar. Qarşılaşdığı çətinliklərdə hamıdan çox onlar maraqlanar, çətinliklərin aradan qaldırılmasında çalışarlar".

"Agah olun ki, maddi vəziyyətiniz imkan verdiyi təqdirdə qohum-əqrəbalarınız çətinliklərlə üzləşərkən onlardan üz döndərib tək qoymamalısınız. Var-dövlətiniz onlardan gizlətməklə artmayacaqdır və əgər onların yolunda sərf edərsinizsə, yenə də azalmayacaqdır. Bilin ki, əgər qohum-əqrəba ilə əlaqəni kəsərsinizsə, onları edəcəyiniz yardımdan, özünüzü isə hər şeydən məhrum etmiş olursunuz. Onlarla gözəl davranıb mehribançılıqla rəftar etdikdə isə, qohumluq əlaqələrini daha da möhkəmlətmiş olursunuz".

Nəql olunmuş bir çox hədislərdə "qohum-əqrəba ilə gözəl ünsiyyətdə olmaq" hətta dinin bir hissəsi kimi qiymətləndirilmiş, ömrün uzanmasına və insanın cənnətlə mükafatlandırılmasına səbəb olduğu göstərilmişdir.

Misal olaraq Peyğəmbərdən (s) və məsum imamlardan (ə) nəql olunmuş bir neçə hədisə işarə edirik:

"Məni görüb-eşidənlərə, burada olmayanlara, hələ ata belində və ana bətnində olan ümmətimin gələcək nəslinə tövsiyə edirəm ki, qohum-əqrəba ilə aralarındakı fasilə bir illik məsafə olsa belə, sıx ünsiyyətdə olsunlar. Çünki bu, dinin bir hissəsidir".

İmam Əli ibn Hüseyn (ə) Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir:

"Allah hər kimin ömrünü uzadıb ruzisini bol edərsə, sevinər və daim şad olar. Onlar da qohum-əqrəba ilə gözəl rəftar edər və onlarla sıx ünsiyyətdə olarlar. Həqiqətən "Sileyi-rəhim" [qohum-əqrəba ilə sıx ünsiyyətdə olmaq] dil açaraq Allah-taalaya deyər: "İlahi! Öz qohum-əqrəbası ilə gözəl əlaqədə olanlara qarşı rəhimli və mərhəmətli ol. Onlarla əlaqəsini kəsənlərlə əlaqəni kəs və rəhmət dərgahından uzaq et".

Başqa bir hədisdə imam Rza (ə) Peyğəmbərdən (s) nəql edərək deyir:

"Hər kim mənə bir şeyə zəmanət verərsə, mən onun üçün dörd şeyə zamin olaram: Qohum-əqrəba ilə gözəl rəftar edənləri Allahın sevməsinə, ruzisinin artmasına, ömrünün uzanmasına və Allahın vədə verdiyi cənnətə daxil etməsinə"

İmam Məhəmməd Baqirdən (ə) nəql olunmuş hədisdə deyilir:

"Qohum-əqrəba ilə gözəl əlaqədə olmaq insanın əməllərini saflaşdırır, var-dövlətini çoxaldır, çətinliklərini həll edir və əcəlini təxirə salır".

Məlum oldu ki, qohum-əqrəba ilə gözəl rəftar etmək, onlarla sıx münasibət saxlamaq, qəm-qüssələrinə şərik olmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdən biridir.

Bəzən kimlərsə yolun uzaqlığını, işin çoxluğunu və bu kimi digər bəhanələri əllərində əsas tutaraq qohumluq əlaqələrinin bərqərar olunmasını qeyri-mümkün hesab edir və beləliklə özlərini üzürlü sanmağa çalışırlar. Bəzən də qohum-əqrəbanın soyuq münasibətlərini dəlil gətirərək üzərlərinə düşən bu dini vəzifədən boyun qaçırmaq istəyirlər. Lakin, bütün bunlar əvvəlcədən Həzrət Peyğəmbər (s) və imamların (ə) diqqətindən yayınmamış, bu barədə öz davamçılarına zaman və məkanı nəzərə alaraq dəyərli tövsiyələr etmişlər. Həzrət Peyğəmbərin (s) tövsiyələrinin birində buyurulur:

"Bir il yol getməli olsan da belə, öz qohum-əqrəbana baş çək!".

Yəni, əgər qohum-əqrəbaya baş çəkmək bir il vaxt aparsa da belə, bunu yerinə yetirmək lazımdır. İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir hədisdə deyilir:

Bir şəxs Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Qohum-əqrəbam mənə yaxşı münasibət bəsləmədikləri üçün mən də onlardan uzaq olmağa çalışıram.

Peyğəmbər (s) buyurdu:

- Belə etsəniz, Allah sizin hamınızı özündən uzaq edər.

Həmin şəxs soruşdu: - Bəs nə etməliyəm?

Peyğəmbər (s) buyurdu:

- Səni özündən uzaq edənləri bağışlamağı (güzəştə getməyi) bacar, səninlə əlaqəni kəsənlərlə əlaqə yarat və sıx ünsiyyətdə ol. Sənə qarşı haqsızlıq və zülm edənləri əfv et və bil ki, hər şeyə qadir olan Allah onlarla münasibətdə sənə arxa olacaqdır.

Həzrət imam Əli (ə) bu barədə buyurur:

"Qohum-əqrəbanız sizinlə əlaqəni kəssə də belə, onlarla sıx münasibətdə olun".

İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə deyilir:

"Qohum-əqrəba ilə yaxın ünsiyyətdə olmaq və onlara xeyirxahlıq etmək günahları azaldır və qiyamət gününün sorğu-suallarını asanlaşdırır".

Həzrət Peyğəmbər (s) bu haqda buyurur:

"Salam verməklə olsa da belə, qohum-əqrəba ilə əlaqə saxlayın".

Başqa bir hədisdə deyilir:

"Bir içimlik su qədər də olsa da belə, (yəni müddəti olduqca az olsa belə) qohum-əqrəbanızla yaxşı ünsiyyətdə olun. Qohumluq əlaqələrinin güclənməsinə səbəb olan ən başlıca amil onlarla gözəl rəftar etmək, pislik və kobudluqdan çəkinməkdir".

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdəndir.

Həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) bu məzmunda bir çox hədislər nəql olunmuş və onun əhəmiyyətinə xüsusi diqqət yetirilmişdir.

İndi isə baxaq görək qohumluq əlaqələrini kəsmək nə kimi nəticələr verir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu məsələ Qurani-Kərimdə də öz əksini tapmış və qohumluq əlaqələrini kəsənlərə bağışlanmayacaqları haqda ciddi xəbərdarlıq edilmişdir. "Məhəmməd" surəsinin 22-ci ayəsində deyilir:

"Əgər [Məhəmməd əleyhissəlamdan] üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və [cahiliyyət dövründə olduğu kimi] qohumluq tellərini qırmaq gözlənilməzmi?!"

Başqa bir ayədə qohumluq münasibətlərini kəsənlər "fitnə-fəsad törədənlər" və "ziyana uğrayanlar" adlandırılır:

"O kəslər ki, Allahla [Ona iman gətirmək və itaət etmək barəsində] əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır [möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir] və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri [dünyada və axirətdə] ziyana uğrayanlardır!"

Bu məzmunda Həzrət Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:

"Qohumluq əlaqələrini kəsənlərə Allahın rəhməti şamil olmayacaqdır".

İmam Baqirdən (ə) nəql olunmuş hədisdə deyilir:

"Peyğəmbərin (s) kitabında deyilirdi: Qohumluq əlaqələri kəsildiyi zaman var-dövlət fitnə-fəsad törədən şəxslərin əlinə düşər".