Cəmiyyət arasında düzgün əlaqə və rabitə bərqərar etmək üçün bir sıra meyarlara riayət etməliyik ki, ilk növbədə özümüzü gözəl şəxsiyyət və bir ideal insan kimi tanıtdıra bilək. Çünki, bir tərəfdən gözəl əxlaq və davranış tərzi görməklə camaatda bizə qarşı rəğbət hissi yaranacaq, digər tərəfdən də özümüz insani [mənəvi] dəyərlərə nail olacağıq. Və eyni zamanda başqalarının bizim üzərimizdə nə kimi hüquqlara malik olduqlarını bilməli və onların hüquqlarının tapdalanmasına yol verməməliyik.

Bu meyarlar ümumiyyətlə iki hissəyə bölünür: Onlardan biri başqalarının qarşısında nümayiş etdirməli olduğumuz xüsusiyyət və rəftar normaları, digəri isə tərk etməyimiz zəruri olan bəzi xoşagəlməz xislət və xüsusiyyətlərdir. Başqa sözlə desək, birinci dəstəyə aid olan meyarlar islam dininin bizlərə tövsiyə etdiyi gözəl əxlaqi xüsusiyyətlər, ikinci hissəyə aid olanlar isə ictimai həyatımızda tərk etməyimiz zəruri olan bir sıra mənfi xüsusiyyətlərdir. Demək, ictimai həyatın normal hal tapması üçün biz ilk növbədə mənfi xüsusiyyətlərdən çəkinməli və gözəl əxlaqa malik olmalıyıq. Gözəl əxlaqa malik olmaq və xoşagəlməz xüsusiyyətlərdən çəkinməyə də "əxlaqi davranış" deyilir. Bu dərsimizdə onların hər biri haqda ayrı-ayrılıqda söhbət açacağıq.

G ÖZƏL XASİYYƏT

Hamı başqalarının hörmət və ehtiramını qazanmaq istəyir. İnsanların qəlblərinə yol tapmağın və onların razılığının qazanılmasının ən başlıca amili gözəl əxlaq və xüsusiyyətə malik olmaqdır. Gözəl əxlaq təkcə insanların razılığını əldə etməyin başlıca amili deyil, bir çox digər insani dəyərlərin də əsasını təşkil edir. Yəni, insan gözəl əxlaqa malik olmayınca, onda digər insani dəyərlər özünü büruzə vermir. Məsələn, gözəl əxlaqa malik olmayan bir şəxsdə şücaət, səxavətlilik və bu kimi digər xüsusiyyətlər müşahidə olunsa da, onlar öz həqiqi dəyərlərini tapmır. Gülərüz və mehribançılıqla verilməyən hədiyyəni kimsə qəbul etmir. Demək, bütün müsbət keyfiyyətlər yalnız o zaman özünün həqiqi dəyərini tapa bilər ki, bu xüsusiyyətlərə malik olan hər bir şəxs gözəl əxlaqa yiyələnmiş olsun.

Əxlaqın tərifində deyilir:

Əxlaq - elə bir daxili hissiyyata deyilir ki, digər müsbət xüsusiyyətlərlə yanaşı, insanı başqaları ilə gözəl ünsiyyətdə olmağa da sövq etmiş olsun.

İmam Sadiqdən (ə) nəql olunmuş hədislə bu tərif arasında sıx bağlılıq vardır. Belə ki, imam Sadiqdən (ə) "gözəl əxlaq nədir?" - deyə soruşduqda buyurur:

"Gözəl əxlaq odur ki, başqaları ilə şirin dillə danışıb mehribanlıqla rəftar etmiş olasan və müsəlman qardaşınla görüşdükdə onu gülər üzlə qarşılayasan".

Gözəl əxlaqa yiyələnməyin və başqaları ilə gözəl ünsiyyətdə olmağın fəziləti haqda Həzrət Peyğəmbər (s) və məsum imamlardan kifayət qədər hədis və rəvayətlər nəql olunmuşdur. Misal olaraq burada onlardan bir neçəsini gətiririk:

"Sizin ən yaxşınız, ən gözəl əxlaqa yiyələnənlərinizdir. Gözəl əxlaq sahibləri o kəslərdir ki, bir-birləri ilə qarşılaşarkən təvazökarlıq edər və başqaları ilə daim gözəl ünsiyyətdə olaraq evinin qapsını onların üzünə açıq qoyarlar.

"Gözəl əxlaqa yiyələnənlərin savabı gecələri ibadətlə keçirən və gündüzləri oruc tutan şəxsin savabı qədər olar".

"Qiyamət günü insanların əməl tərəzilərinə qoyulacaq ilk şey onların gözəl əxlaqı olacaqdır".

"Qiyamət günü əməl tərəzisində gözəl əxlaqdan ağır şey olmayacaqdır".

"Qiyamət günü mənə ən yaxın olanınız və ən sevimliniz gözəl əxlaqa yiyələnəniz olacaqdır".

"Sizin üçün gözəl əxlaqdan yaxşı heç bir şey yoxdur".

"Ən gözəl yaxşılıq, gözəl əxlaqdır".

"Sizin ən yaxşılarınız ən xoşrəftar olanlarınızdır. Belə şəxslər mülayimliklə bir-birlərinə xidmət edər, digərləri ilə ünsiyyət yaradar və digərləri də onlarla ülfət taparlar. Bu insanların qapısı hamının üzünə açıq olar".

Qələm surəsinin 4-cü ayəsində Allah-taala öz Peyğəmbərini (s) belə bir gözəl ifadələrlə vəsf edir:

"Doğrudan da sən böyük bir əxlaq sahibisən!"

Başqa bir ayədə Allahın mərhəməti sayəsində Peyğəmbərin (s) gözəl əxlaqa yiyələnməsi, insanların ona iman gətirməsinin əsas səbəbi kimi göstərilir:

...

"Ya Məhəmməd! Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə onlar sənin ətrafından dağılıb gedərdilər..."

Həzrət Peyğəmbərə (s) hamıdan yaxın olan və onu hamıdan daha yaxşı tanıyan Əmirəl-möminin Əli (ə) o Həzrətin şəxsiyyəti haqda buyurur:

"O, hamıdan mehriban, bağışlayan, hövsələli, düzdanışan və əhdə vəfa edən idi. Hamı ilə gözəl rəftar edər və xoş ünsiyyətdə olardı. Onu ilk dəfə görənlər vəcdə gələr, əxlaq və rəftarına heyran olardı. Ünsiyyətdə olan şəxslər dərhal onu tanıyır və onu sevməyə başlayardılar. Ondan əvvəl və sonra onun kimi ikinci bir şəxs görmədim".

Əli (ə) Peyğəmbərin (s) digər xüsusiyyətləri haqda deyir:

"Həzrət Peyğəmbər (s) bir yəhudiyə pul borclu idi. Günlərin bir günündə həmin şəxs Həzrət Peyğəmbərin (s) yanına gəlib borcunun qaytarılmasını istədi. Həzrət Peyğəmbər (s) buyurdu:

- Hələlik sənin pulunu qaytara bilməyəcəyəm, bir qədər səbr et!

Yəhudi dedi:

- Pulumu qaytarmayınca, buradan heç bir yerə gedən deyiləm.

Peyğəmbər (s) buyurdu:

- Elə isə mən də sənin yanında oturacağam.

Onlar səhərdən axşamadək bir yerdə oturdular və Həzrət Peyğəmbər (s) namazlarını da elə oradaca qıldı. Səhabələr bu əhvalatdan narahat olub həmin şəxsə hədə-qorxu gələrək xəbərdarlıq etməyə başladılar. Peyğəmbər (s) üzünü onlara tutub buyurdu:

- Bu necə rəftardır, onunla edirsiniz?

Dedilər:

- Ya Rəsuləllah! Bu nə işdir, elə bil burada sizi həbs etmişdir.

Buyurdu:

- Allah-taala məni başqalarına zülm etmək üçün peyğəmbərliyə göndərməmişdir.

Həmin günün səhəri zöhr namazı vaxtı həmin yəhudi məscidə gəldi və islamı qəbul edib müsəlman oldu.

Sonra üzünü Peyğəmbərə (s) tərəf tutub dedi: "And olsun Allaha! Əgər Tövratda sənin barəndə deyilənləri oxumasaydım, belə etməzdim. Orada sənin barəndə deyilir: "Allahın peyğəmbəri Məhəmməd ibn Abdullahın doğulduğu yer Məkkə, hicrət edəcəyi yer isə Mədinədir. O nə tünd xasiyyətli və nə də əsəbidir. Başqaları ilə səmimiyyət və mehribanlıqla rəftar edər. Kimsəni nə söyər, nə də təhqir edər". Mən də Allahın birliyinə və sənin peyğəmbərliyinə iman gətirib öz var-dövlətimi Allah yolunda sədəqə verirəm. Bunlar mənim var-dövlətimdir. İstədiyin kimi hökm verə bilərsən".

Bilməliyik ki, islam zühur etdikdən sonra Həzrət Peyğəmbərin (s) vasitəsilə islamı qəbul edən şəxslərin əksəriyyəti məhz onunla ünsiyyətdə olduqdan və onun gözəl insani xüsusiyyətlərinin şahidi olduqdan sonra bu ilahi dini qəbul etmişlər.