Əxlaqi məsələlərindən biri də əmanətdir. Əmanət müxtəlif şəkillərdə ola bilər. Hər hansı bir əşya və ya pul, gizli saxlanılmalı sirr və məlumat və ya qorunub saxlanılmasında məsuliyyət tələb olunan hər hansı bir şey. Əmanət tapşırılan adam da etibarlı, etimadlı və düz danışan olmalıdır. Əmanət qəbul olunduqdan sonra tam məsuliyyətlə qorunmalı və sahibi istədikdə olduğu kimi geri qaytarılmalıdır. Əmanətə xəyanət böyük günah və başqalarının hüququna təcavüz hesab olunur.

Qurani-kərimdə möminlərin ən başlıca xüsusiyyətlərindən biri də onların "əmanətdar" olması göstərilir.

Muminun surəsinin 8-ci ayəsində deyilir:

"O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar [onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərər]".

Başqa bir ayədə Allah-taala əmanətin öz sahibinə qaytarılmasını əmr edir:

«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir».

Peyğəmbər (s) buyurur:

«Əmanətə xəyanət edən şəxslərin dini yoxdur»;

«Əmanətə xəyanət edən kəslər bizdən deyildir»;

«Münafiqlik və ikiüzlülüyün üç əlaməti vardır: bir şey deyərkən yalan söyləmək, vədə verdikdə vədəyə əməl etməmək və əmanətə xəyanət etmək».

İmam Sadiq (ə) buyurur:

«İnsanları tanımaq üçün [namaz qılarkən] rüku və səcdələrinin uzun olmasına baxmayın. Çünki, bəzən bu onlar üçün adət halına çevrilir və adətlərini pozduqda özlərində narahatçılıq hiss edirlər. Onları tanımaq istəyirsinizsə, düz danışmalarına və əmanətə vəfadar olmalarına diqqət yetirin».

Əmanət islam dinində o qədər böyük əhəmiyyət kəsb edir ki, məsum imamlardan (ə) nəql olunmuş hədislərdə əmanətin qorunub saxlanılmasında əməli-saleh və fasiq şəxslər arasında heç bir fərq qoyulmamışdır. Hansı şəraitdə olursa olsun, əmanət lazımınca qorunmalı və vaxtı çatdıqda öz sahibinə qaytarılmalıdır.

İmam Sadiq (ə) bu haqda buyurur:

«Əmanəti öz sahibinə qaytarın, istər onlar əməli-saleh olsunlar, istərsə də fasiq. Əgər Əlinin (ə) qatili mənə bir şey əmanət versəydi [istədikdə] onun özünə qaytarardım».

İmam (ə) buyurur:

«Əmanəti öz sahibinə qaytarın, hətta əgər o, Hüseyn ibn Əlinin (ə) qatili olmuş olsa belə!»

Əli (ə) buyurur:

«Bir şəxs sənə xəyanət etsə belə, onun sənə verdiyi əmanətə xəyanət etmə və əgər o sənin sirrini açsa belə, sən onun sirrini açıb ifşa etmə».

Əmanətə sadiq və vəfalı olmaq barədə də kifayət qədər hədis nəql olunmuşdur.

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:

«Əmanətə sadiq və vəfalı olmaq ehtiyacsızlığa, xəyanət isə fəqir və yoxsulluğa səbəb olar».