İctimai əlaqələrin bərqərar olunmasında insaf və ədalət islam əxlaqının əsasını təşkil edir. Burada "insaf" dedikdə, insanların özlərinə rəva bildikləri və sevdikləri hər bir şeyi başqalarına da rəva görüb onlar üçün istəmələri nəzərdə tutulur. Bu bir həqiqətdir ki, insanların əksəriyyəti haqq-ədalət deyildikdə, olduqca canfəşanlıq göstərir, onun əməli olaraq həyata keçirilməsinə gəldikdə isə, ədalət onların zərərinə olarsa, ya əməl etmir, yaxud da öhdəsindən gələ bilməyib öz üzərlərindən atmağa çalışırlar.

Əli (ə) bu barədə buyurur:

"Haqqın tərifi hər şeydən daha genişdir, əmələ gəldikdə isə hər şeydən daha məhdud və kiçik olur".

Yəni, haqq-ədalətdən söz düşdükdə hamı bu haqda çox danışır, əmələ gəldikdə isə bir çox hallarda biri digərinin haqqını tapdalayır və ictimai ədalətin bərqərar olunmasında üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirmir.

Bu səbəbdən də Qurani-Kərimin bir çox ayələrində ictimai ədalətin bərqərar olunmasına xüsusi diqqət yetirilmiş və bu mətləbə dəfələrlə təkid olunmuşdur:

...

"...Söz söylədiyiniz zaman [lehinə və əleyhinə danışdığınız adam] qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi [dini vəzifələrinizi, andlarınızı] yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd-nəsihət qəbul edəsiniz!"

Başqa bir ayədə buyurur:

"Ey iman gətirənlər! [Şahidliyiniz] sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! [Əleyhinə şahidlik edəcəyiniz şəxs] istər dövlətli, istərsə kasıb olsun, hər halda Allah onların hər ikisinə sizdən daha yaxındır! Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib-büzsəniz və ya [doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən] boyun qaçırsanız, [bilin ki,] Allah etdiyiniz işlərdən xəbərdardır!"

Göründüyü kimi ayədə ədalətə təkid olunmaqla yanaşı, iki mühüm məsələyə də işarə olunur:

1. Ayrı-ayrı şəxslərin özlərinin və ya qohum-əqrəbasının zərərinə olsa belə, ədalətli olmalı;

2. İnsanların yoxsul və ya varlı olmalarını nəzərə alıb onların istəklərinə uyğun hökm çıxarmamaq.

Məsələn yoxsulların maddi vəziyyətlərinin aşağı səviyyədə olduğunu görüb, haqq onlarla olmasa belə, rəhm edib onların tərəfi saxlanılmamalı və ya dövlətlilərin var-dövlətə olan əlaqələrini görüb onların xeyrinə hökm çıxarılmamalıdır.

Qurani-Kərimin başqa bir ayəsində bu mətləbə işarə olunaraq buyurulur:

"Ey iman gətirənlər! Allah qarşısında [borcunuzu yerinə yetirməkdə] sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir şəxsə qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!"

Göründüyü kimi bu ayədə də Allah-taala haqq-ədalətə əmr etdikdən sonra bir daha düşmənçilik, kin-küdurət üzündən insafı əldən verməməyi xatırladır. Belə ki, bir çox hallarda insanlar başqalarından bir pislik gördükdə intiqam almaqda həddi aşır və belə olduqda təbii ki, ədalətə riayət etməyə qadir olmurlar.

Əldə olunan hədislərdə də bu mətləbə xüsusi diqqət yetirildiyinin şahidi oluruq.

Peyğəmbər (s) buyurur:

"İnsanların ən ədalətlisi o kəsdir ki, özünə istədiyi şeyi başqaları üçün də istəsin və özünə rəva bilmədiyi şeyi başqaları üçün də rəva bilməsin".

Başqa bir hədisdə buyurur:

"Yoxsullara əl tutan və camaata köməklik edən şəxs, həqiqi mömindir".

Həzrət Əli (ə) insafı insanın vüqar və izzəti hesab edir:

"Allah-taala camaatla insafla rəftar edən şəxsin izzət və əzəmətini daha da artırar".

Dərsin əvvəlində qeyd olunan hədislərdə ədalət və insafın tərifi ilə tanış olduq. Növbəti hədislərdə isə ədalətli olmağın hədd-hüdudu və mahiyyətinə işarə olunacaqdır. Həzrət imam Əli (ə) imam Həsən Müctəbaya (ə) etdiyi vəsiyyətində buyurur:

"Ey övladım! Nəfsini özünlə başqaları arasında tərəzi qərar ver. Özünə istədiyin şeyləri onlar üçün də istə. Özün üçün istəmədiyin şeyləri başqaları üçün də istəmə. Kimsənin sənə zülm etməsini istəmədiyin kimi, sən də onlara zülm etmə. Başqalarının sənə yaxşılıq etmələrini istədiyin kimi, sən də başqalarına yaxşılıq et. Özünə məsləhət görmədiyin şeyləri başqalarına da məsləhət görmə. Özünün onlara qarşı etdiyin rəftarı bəyəndiyin kimi, onların da sənə qarşı etdiklərini bəyən və qəbul et. Bilmədiyin şey haqqında bir şey söyləmə, yalnız sənə məlum olan şeylər haqqında danış. Başqalarının sənə sevmədiyin şeyləri demələrini sevmədiyin kimi, sən də başqalarının sevmədiklərini onlara demə!"

Nəql olunmuş hədislərin bir çoxunda "insafun-nasi minən-nəfsi" ifadəsindən istifadə olunur. Bu dərsdə Peyğəmbər (s) və Həzrət Əlidən (ə) nəql olunmuş hədislərdə də bu ifadədən istifadə olunduğunun şahidi oluruq. Mənası isə budur ki, insan özü ilə başqaları arasında hökm çıxardığı zaman, özünü başqalarının yerinə qoymalı, özünü haqlı hesab etdiyi kimi başqalarını da haqlı hesab etməli və ya əksinə, müqəssir olduğu zaman başqaları haqda cəza tədbiri nəzərdə tutduğu kimi, özünü də cəzalandırmağa hazır olsun. Bunlarla yanaşı, haqsız olduğu zaman da özünə bəraət qazandırmağa çalışmamalıdır. Buradan belə məlum olur ki, Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) etdiyi vəsiyyətnamədə sözün əsl mənasında "insafun-nasi minən-nəfsi" cümləsini təfsir etmişdir.

Həmçinin Malik Əştərə verdiyi göstərişdə buyurur:

"Özünlə Allah, camaat, yaxınlar və qohum-əqrəba arasında insafa riayət et! Belə etmədiyin təqdirdə, zülmkar hesab olunarsan. Allah bəndələrinə zülm edən kəslər Allahın düşmənləridirlər. Onlar tövbə edib zülmkarlıqdan əl çəkməyincə Allahla müharibə etmiş olarlar".

ƏXLAQİ İNCƏLİK

İmam Sadiq (ə) buyurur:

"İstəyirsinizmi sizin üçün Allahın təyin etdiyi ən ağır və vacib məsuliyyətin nədən ibarət olduğunu açıqlayım?

Sonra imam (ə) üzünü səhabələrə tutub buyurur: "Camaatla insafla rəftar etmək və onların hüquqlarını qorumaq".

Nəql olunmuş başqa bir hədisdə deyilir:

İmam Baqirin (ə) səhabələri onları maraqlandıran bir neçə sualı məktuba yazaraq Əbdül Əla adlı bir şəxs ilə Mədinəyə göndərirlər. Bu suallarla yanaşı onun imam Sadiqdən (ə) şifahi olaraq müsəlmanın öz müsəlman qardaşının üzərində nə kimi hüquqa malik olması haqda soruşmasını da xahiş edirlər. Əbdül Əla deyir: Məktubu imam Sadiqə (ə) verib ondan müsəlmanların bir-birlərinin üzərində hansı hüquqa malik olmaları haqda soruşdum.

İmam Sadiq (ə) sonuncu (şifahi) sualımdan başqa bütün suallarıma təmkinlə cavab verdi.

Sonra buyurdu: "Allahın insanların üzərinə qoyduğu ən ağır vəzifə bu üç şeydən ibarətdir:

1. Ədalət və insafa riayət etmək. Belə ki, hər bir müsəlman öz müsəlman qardaşı ilə elə rəftar etməlidir ki, başqalarının da onunla eyni tərzdə rəftar etmələrini istəyir;

2. Müsəlman qardaşının şəraitini nəzərə almalı və öz malını onlardan əsirgəməməlidir;

3. Hər zaman Allahı xatırlamalı. Lakin bu heç də o demək deyildir ki, daim "sübhanəllah" və "əlhəmdulillah" deyərək zikr etməlidir. Xeyr. O, haramla qarşılaşdığı zaman Allahın onun gördüyü bütün işlərdən agah olduğunu yəqin edərək ondan uzaq olmağa çalışmalıdır".

Göründüyü kimi haqq-ədalətə, insafa riayət etmək insanın üzərinə düşən ən ağır vəzifələrdən biri kimi göstərilir. Bunun üçün ilk növbədə insan öz nəfsi ilə mübarizə aparmalı və lazım gələrsə başqalarını özündən üstün tutmağı bacarmalıdır.