QEYBƏTİN TƏRİFİ

Qeybətin lüğəti mənası «iştirakı olmadan kiminsə (və ya kimlərinsə) ünvanına xoşagəlməz sözlər deməkdir». Şəri termin olaraq isə «qeybət» - müsəlmanın öz müsəlman bacı-qardaşının iştirakı olmadan onun eyb və nöqsanları haqda danışmasından ibarətdir. Belə ki, əgər həmin şəxs onun haqda deyilən sözləri eşitsə, inciyib narahat olar. Eyb və nöqsan deyildikdə istər əxlaqi, istər cismi, istərsə də məişət çatışmazlıqları və s. nəzərdə tutulur. Peyğəmbər (s) bu haqda buyurur: «Qeybət - müsəlman bacı-qardaşınızın eşitmək və ya başqalarının bilməsini istəmədiyi hər hansı bir şey haqda danışmağa deyilir». Peyğəmbərdən (s) soruşurlar: - Əgər onun haqda deyilənlər doğru olsa yenə də qeybət hesab olunur?

Həzrət (s) buyurdu: «Əgər həmin eyb və nöqsan onda olarsa və onu başqalarına deyəriksə qeybət, əks təqdirdə isə ona töhmət vurmuş olarıq». Başqa bir hədisdə deyilir: Peyğəmbərin (s) səhabələri bir şəxs barədə söhbət edir və bir-birlərinə deyirdilər: - Filankəs nə qədər də aciz və bacarıqsızdır. Peyğəmbər (s) onların söhbətini eşidib buyurur:

- Onun qeybətini etdiniz!

Dedilər:

- Biz yalnız onda olanları dedik.

Buyurdu: «Əgər onda olmayanları desəydiniz, ona böhtan atmış olardınız». İmam Sadiq (ə) buyurur: «Qeybət ona deyilir ki, Allah-taala mömin bacı-qardaşınızın gizli saxladığı eyb və nöqsanları başqalarına bildirəsiniz».

İmam Musa Kazim (ə) buyurur: «Əgər bir şəxs orada olmayan başqa birisinin camaatın bildiyi eyb və nöqsanları haqda danışarsa, qeybət etməmişdir. Lakin camaatın bilmədiyi hər hansı bir çatışmazlığı haqda bir söz deyərsə, onun qeybətini etmişdir. Onda olmayan hər hansı bir şey haqda bir söz dedikdə isə ona böhtan atmış olur».

Qeyd etməliyik ki, qeybəti olunan şəxs mömin və müsəlman olsa, onda haram olar. Kafir və müşriklərin qeybətini etməyin isə heç bir nöqsanı yoxdur. Həmçinin, qeybəti olunan şəxsin kimliyi məlum olmalıdır və dinləyicilər onu tanımalıdırlar. Haqqında danışılan şəxsin kimliyi bəlli olmadıqda isə, deyilən sözlər qeybət hesab olunmur.

QEYBƏTİN HARAMLI Ğ I

Qeybətin haram və böyük günahlardan biri olduğu haqda bir çox Quran ayələrini və Əhli-beytdən (ə) nəql olunmuş hədislərə istinad etmək olar. Allah-taala Qurani-kərimdə buyurur:

«... Bir - birinizin qeybətini etməyin ! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı ?! Bu sizdə ikrah hissi oyadar [ qeybət belədir ]...»

Göründüyü kimi ayədə müsəlmanın qeybəti onun qətlə yetirilməsinə və qeybət edən şəxsin onun ətini yeməsinə bənzədilir. Bu da günahın böyüklüyünə dəlalət edir. Günahsız bir şəxsin qətlə yetirilməsi haram olduğu kimi, onun qeybətini etmək də bir o qədər haram və böyük günahlardandır. Qan tökülməklə bir şəxs qətlə yetirildiyi və onu bir daha həyata qaytarmaq qeyri-mümkün olduğu kimi, qeybəti olunan şəxsin də haqqında xoşagəlməz sözlər deməklə onun şəxsiyyətinə xələl gəlir və mənəviyyatının qorunması qeyri-mümkün olur. Müsəlmanların qanı, canı və malı toxunulmaz olduğu kimi, onların şəxsiyyət və mənəviyyatı da qorunmalı və onlara qarşı hörmətsizliklərə yol verilməməlidir.

Peyğəmbər (s) buyurur: «Müsəlmanın canı (qanı), malı şəxsiyyəti müsəlmana haramdır ».

Peyğəmbər (s) buyurur: «Dünyada qardaşının ətini yeyən şəxsləri (qeybət edənləri) qiyamət günü onun (qeybəti olunan) yanına aparıb belə əmr edərlər: Diri olduğu halda ətini yediyin kimi, indi də onun ölmüş cəsədinin ətini ye! O da məcbur olub fəryad çəkərək ölmüş qardaşının ətini yeyər. Merac gecəsi səmaya qalxdığım zaman üz-gözlərini dırnaqları ilə cıran bir dəstə insanla qarşılaşdım. Cəbraildən (ə) onların kim olduğunu soruşdum. Dedi: «Onlar camaatın qeybətini edən və abır-həyalarına xələl gətirən kəslərdir».

« Qeybət etməkdən çəkinin ! Çünki , qeybət zinadan daha da pisdir . Çünki , zinakar tövbə etməklə günahlarını bağışlatdıra bilər . Lakin qeybət edən şəxs qeybətini etdiyi şəxsi özündən razı salmayınca ( halallıq almayınca ) bağışlanmır ».

Əli (ə) buyurur: «Qeybət etməkdən çəkinin! Çünki o, cəhənnəm itlərinin yeməyidir ».

İmam Sadiq (ə) buyurur: «Qeybət hər bir müsəlmana haramdır. Atəş odunu yandırdığı kimi, qeybət də insanın gördüyü xeyirli işləri (savabını) məhv edib aradan aparır».

Qiyamət günü bəzi şəxsləri Allah-taalanın hüzuruna gətirib əməl dəftərini əlinə verərlər. O, əməl dəftərini açdıqda orada heç bir xeyirli iş görməyib təəccüblə Allah-taaladan soruşar:

- İlahi! Bu mənim əməl dəftərim deyildir. Çünki, burada mənim ibadətlərim yazılmamışdır.

Ona deyilər: «Sənin Allahın nə bir şeyi unudur, nə də səhvə yol verir. Əməllərini camaatın qeybətini etməklə məhv edib aradan aparmısan».

Sonra məhşərə bir başqasını gətirər və əməl dəftərini onun özünə verərlər. O, öz əməl dəftərində xeyli ibadət etdiyini görüb təəccüblə deyər:

- İlahi! Bu mənim əməl dəftərim deyildir. Çünki, dünyada mən bu qədər ibadət etməmişəm.

Ona deyərlər: «Filankəs sənin qeybətini etdiyi üçün gördüyü xeyirli işlər sənin əməl dəftərinə yazılmışdır».

Ariflərdən birinə: «filankəs sənin qeybətini etdi» - dedikdə, gülümsəyib həmin şəxsin evinə bir qutu şirni aparmalarını və ona belə bir xəbər çatdırmalarını istəyir: «Eşitdim öz xeyirli işlərinin bir qismini mənim əməl dəftərimə göndərmisən. Bunun üçün sənə öz təşəkkürümü bildirib bu şirni qutusunu sənə hədiyyə göndərirəm».

Qeybət etmək böyük günahlardan sayıldığı və qeybət edən şəxs Allahın qəzəbinə gəldiyi kimi, qeybətə qulaq asmaq da haram və böyük günahlardan hesab olunur. Peyğəmbər (s) bu haqda buyurur: «Qeybətə qulaq asan şəxs qeybət edənlər kimidir».