Hər bir insan yaşadığı cəmiyyətdə təbii olaraq, kimlərləsə dostluq edir, gediş-gəliş əlaqələri yaradır və səmimi münasibətlər bərqərar edir. İslam dininin dostluq əlaqələrinin bərqərar olunmasına və dostlar arasında səmimiyyətin güclənməsinə böyük əhəmiyyət verdiyi haqda əvvəlki dərslərimizdə söhbət açdıq. Qurani-kərimin bir çox ayələrində və Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə dəfələrlə bu mətləbə toxunulmuş və bu haqda dəyərli məsləhətlər verilmişdir. Əli (ə) bu haqda buyurur:

«Dostu, sirdaşı olmayan kəslər heç nə əldə etməmişlər».

«Dostlar müxtəlif bədənlərdə vahid ruhdurlar».

Lakin islam, dostluğa ləyaqəti olmayan şəxslərlə dostluq etməyi məsləhət görmür. Yaxın dost insana yaxın qohumlardan daha yaxın olduqda təbii ki, ona başqalarından daha çox təsir göstərəcəkdir. Peyğəmbər (s) buyurur: «İnsan, dostunun dinində olur. Elə isə kiminlə dostluq etdiyinizə diqqət yetirin». Yəni insan, dostluq etdiyi şəxsin təsiri altına düşür. Bəzən onun müsbət xüsusiyyətlərindən bəhrələnir, bəzən də mənfi xüsusiyyətlərindən zərər çəkir.

«İnsanları dostluq etdiyi şəxslərlə tanıyın. Çünki hər bir şəxs xoşuna gəldiyi kəslərlə dostluq edər».

Əli (ə) buyurur: «Hər bir adam öz səviyyəsində olan şəxslərə doğru meyl edir».

«Yaxşı insanlarla yalnız özləri kimi əməli-saleh şəxslər, fasiq və nadanlarla da günahdan çəkinməyən kəslər dostluq edər».

Nəql olunmuş hədislərin məzmunundan belə bir nəticəyə gəlmək olur ki, hər bir insan özünə dost seçdiyi zaman hər şeydən əvvəl onun kimliyinə və xüsusiyyətlərinə diqqət yetirməlidir. Allah-taala Qurani-kərimdə iki yerdə daim Onu yad edən kəslərlə dostluq etməyi tövsiyə edir:

«[ Ya Rəsulum !] Rəbbinin camalını diləyərək səhər - axşam Ona dua edənləri yanından qovma ...»

« Səhər - axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar [ nəfsini qoru ]...»

Peyğəmbər (s) alicənab şəxslərlə dostluq etməyi tövsiyə edərək buyurur: «İnsanların ən xoşbəxti o kəsdir ki, alicənab şəxslərlə əlaqə saxlamış olsun».

Başqa bir hədisdə Peyğəmbər (s) təqvalı və pəhrizkar insanlarla yoldaşlıq etməyi tövsiyə edir: «O kəslərlə dostluq edin ki, onları görməklə Allahı yada salasınız və onların söylədikləri şeylər və gördükləri hər bir iş sizlərə axirəti xatırlatsın».

Peyğəmbər (s) başqa bir hədisdə yoxsullar və hikmət sahibləri ilə yoldaşlıq etməyi tövsiyə edir:

« Bilmədiklərinizi alimlərdən soruşun hikmət sahibləri ilə ünsiyyətdə olub yoxsullarla həmsöhbət olun ».

Başqa bir hədisdə Əli (ə) buyurur: «Hikmət sahibləri ilə yol yoldaşı, alimlərlə həmsöhbət olun. Dünyadan uzaq olun ki, cənnəti özünüzə məskən edəsiniz». Ən çox xeyir və dəyərli məsləhətlər hikmət və düşüncə sahibləri ilə ünsiyyətdə olmaqla əldə olunur.

Həqiqi dostluq odur ki, dostlar bir-birlərinin eyb və nöqsanlarını gizlədib, qarşılıqlı olaraq müsbət xüsusiyyətlərindən bəhrələnə bilsinlər. Sadiq dostlar daim bir-birlərinin çətinliklərini aradan qaldırmağa çalışar və yalnız tərif, hörmət və ehtiram məqsədilə dostluq etməzlər. İmam Baqir (ə) bu haqda buyurur: «O kəslərlə dostluq et ki, səni ağladar, lakin xeyirini istər. Güldürüb aldatmaq istəyən şəxslərdən isə daim uzaq olmağa çalış. Bilin ki, tezliklə hamı Allaha tərəf qayıdacaq və orada hər şeydən agah olacaqsınız».

İmam Cəfər Sadiq (ə) buyurur:

« Dostların arasında hamıdan çox sevdiyim o kəslərdir ki , eyb nöqsanlarımı mənə hədiyyə etmiş olsun ».

İmam Sadiqin (ə) bu hədisində diqqəti cəlb edən məsələ bundan ibarətdir ki, verilən hədiyyələr insana sevinc bəxş etdiyi kimi, sadiq dostların bir-birlərinin eyb və nöqsanlarını xatırlamaları da onlara sevinc bəxş etsin.

Qeyd etdik ki, insan özünə dost seçdiyi zaman onların əxlaq və davranışlarına, şəxsiyyət və kimliyinə diqqət yetirməlidir. Demək o kəslərlə dostluq etməliyik ki, ilk növbədə mənəvi inkişafımıza və yaşadığımız cəmiyyətdə baş ucalığımıza səbəb olsunlar. Bu dərsdə Əhli-beytin (ə) bizlərə kimlərlə dostluq etməmək barədə buyurduğu tövsiyələr haqda söhbət açacağıq. Hər şeydən əvvəl bilmək lazımdır ki, insan Allah-taala tərəfindən heç də mütləq şəkildə azad və ixtiyar sahibi olan bir varlıq kimi öz ixtiyarına buraxılmamışdır. Bu səbəbdən də o, istədiyi şəxslərlə ünsiyyət yaradıb öz əlaqələrini istədiyi kimi bərqərar edə bilməz. İmam Zeynulabidin (ə) bu haqda buyurur: «Heç də elə deyildir ki, insan istədiyi şəxslərlə ünsiyyətdə olub onlarla dostluq edə bilsin. Çünki, Allah-taala buyurur:

«[ Ya Rəsulum !] Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir . Əgər Şeytan [ bu qadağan əmrini ] sənə unutdursa , xatırlayandan sonra o zalim tayfa ilə bərabər oturma ».

Nəzərdən qaçırmamalıyıq ki, haram işlərdən çəkinməyən və günah etməyə adət edən şəxslərlə ünsiyyətdə olmaq tez bir zamanda bizə də öz mənfi təsirini göstərəcək və onlar kimi bizim də qəlbimizi qaraldıb ilahi əzaba düçar edəcək. Tarixdə deyilir:

İmam Rzanın (ə) yaxın səhabələrindən olan Süleyman Cəfəri nəql edərək deyir: Bir gün imam Rza (ə) atama dedi:

- Nə üçün Əbdürrəhman ibn Yəqub ilə gediş-gəliş edirsən?

Atam dedi:

- O, mənim dayımdır.

İmam Rza (ə) buyurdu:

- O, Allahın vəsf və məhdud olduğu haqda xoşagəlməz fikirlər irəli sürür, halbuki, Allahı vəsf etmək olmaz!

Atam dedi:

- Onun dediklərindən mənə nə, mən ki bu əqidədə deyiləm?!

İmam Rza (ə) atamın cavabında buyurdu:

- Qorxmursanmı ki, onun üçün nazil olan bəla sizə də şamil olsun?! Həzrət Musanın (ə) səhabələrindən birinin əhvalatını eşitmisənmi? Həmin şəxsin atası Fironun tərəfdarlarından idi. Fironun qoşunu Musa (ə) və ona iman gətirmiş şəxsləri təqib edərkən o, atasına nəsihət etmək və onu da özlərinə qoşmaq üçün Fironun dəstəsinə tərəf getdi. Atası onu gördükdə onunla müxalifət edib özündən uzaqlaşdırdı. Beləliklə onlar dəryaya yaxınlaşdılar. Elə bu zaman ilahi əzab nazil oldu və onların hər ikisi Fironun qoşunu ilə birlikdə dənizdə boğuldular. Musa (ə) bundan xəbər tutduqda Cəbraildən (ə) onun aqibətini soruşdu. Cəbrail (ə) buyurdu: «Qərq oldu, Allah rəhmət etsin. Onun əqidəsi atasından tam fərqli idi, lakin ilahi əzab nazil olduqda günahkarların kənarında olan kəslər nicat tapmazlar».

İndi isə dostluğa layiq olmayan şəxslər haqda nazil olmuş Quran ayələrinə və məsum imamlardan nəql olunmuş hədislərə nəzər salaq:

Maidə surəsinin 57-ci ayəsində kafir və dini məsxərə edən şəxslərlə dostluğun qətiyyətlə qadağan olunduğu göstərilir:

«Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın...»

İkinci dəstəyə aid olanlar Peyğəmbər (s) və məsum imamlara (ə) töhmət və tənə vuran kəslərdir. Həzrət Məhəmmədə (s) peyğəmbərlik verildiyi ilk illərdə Hicaz bütpərəstlərindən olan Üqbə ibn Əbi Muit adlı bir şəxs var idi. O, müşrik və bütpərəst olmasına baxmayaraq, olduqca qonaqpərvər idi. Bir gün Peyğəmbər (s) onun evinin kənarından keçdiyi zaman Həzrəti nahara dəvət edir. Peyğəmbər (s) ayaq saxlayıb buyurdu:

- Səninlə yalnız o zaman bir süfrə arxasında əyləşərəm ki, islamı qəbul edib müsəlman olasan!

Üqbə, Peyğəmbərin (s) süfrə arxasında oturmaq üçün onun qarşısına belə bir şərt qoyduğunu görüb kəlmeyi-şəhadətini deyib müsəlman oldu. Üqbənin Ubəyy adlı başqa bir dostu da var idi. Üqbənin müsəlmanlığı qəbul etməsi xəbərini eşidib olduqca narahat oldu və əsəbi halda onun yanına gəlib bir xeyli danlayaraq dedi:

- Sən öz dinindən çıxırsanmı?!

Üqbə cavabında dedi:

- Elə bir şəxs mənə qonaq oldu ki, müsəlman olmasaydım, süfrəmin kənarında oturmağa razı olmazdı.

Ubəyy dedi:

- İndi ki, belədir, mən öz dostluğumu səninlə kəsirəm. Əgər dostluğumuzun davam etməsini istəyirsənsə, öz dininə qayıdıb Peyğəmbərə töhmət vurmalısan.

Ubəyy çox israr etdikdən sonra Üqbə onun dediyi kimi edir, islam dinindən xaric olur və Bədr döyüşündə müsəlman fədailəri tərəfindən qətlə yetirilir. Ubəyy isə bir il sonra Ühüd döyüşündə qətlə yetirilir. Beləliklə hər ikisi müşrik olduqları halda dünyalarını dəyişirlər.

Əli (ə) buyurur: «Müsəlman bir şəxsə fasiq və dinsiz adamlarla dostluq və qardaşlıq münasibətləri bərqərar etmək yaraşmaz. Çünki, onun gördüyü bütün işlər öz nəzərində gözəl və tərifə layiqdir. Bunun üçün də dostluq etdiyi əməli-saleh müsəlmanın özü kimi olmasını istər. Nə dünya, nə də axirətdə onun müsəlmana bir xeyiri dəyməyəcəkdir. Əksinə, vaxtaşırı müsəlmanın yanına gediş-gəliş etməsi ona rüsvayçılıqdan savayı bir şey nəsib etməyəcəkdir».

Əli (ə) buyurur: «Müsəlman bu üç (xüsusiyyətə malik olan) şəxslərlə - yalançı, nadan və əxlaqsız adamlarla səmimi [qardaşlıq] münasibətində olmamalıdır». Həmçinin imam Baqir (ə) buyurur:

Atam Əli ibn Hüseyn (ə) bir gün məni yanına çağırıb dedi:

- Oğlum! Beş şəxslə ünsiyyətdə olmamağı sənə tövsiyə edirəm. Onlarla nə həmsöhbət ol və nə də yoldaşlıq et.

Atamdan onların kim olduğunu soruşduqda buyurdu:

- Yalançılarla həmsöhbət olma. Onların söylədikləri hər bir söz ilğıma bənzər. Yaxını sənə uzaq, uzağı isə yaxın göstərər. Fasiqlərlə də ünsiyyətdə olmaqdan çəkin. Onlar səni bir tikə yeməyə və ya ondan da dəyərsiz bir şeyə satmağa hazır olarlar. Paxıllardan uzaq olmağa çalış. Çünki bir şeyə ehtiyac duyduğun zaman öz mallarını səndən əsirgəyərlər. Nadan və cahillərlə də ünsiyyətdə olma. Çünki onlar sənə xeyir vermək istəyərlər, lakin ziyan yetirərlər. Qohumluq əlaqələrini kəsən şəxslərdən də uzaq olmağa çalış. Çünki Allah-taala onları öz kitabında (Qurani-kərimdə) lənətləmişdir.

Dörd şey hədərə gedər, onlardan birincisi vəfasızlarla dostluqdur.

İmam Baqir (ə) buyurur: «Bu dörd şəxsdən - nadan, paxıl, qorxaq və yalançı adamlardan daim uzaq olmağa çalışın. Nadanlar sənə xeyir vermək istəyər, amma zərər yetirərlər, paxıllar daim səndən almaq istəyər, verməyə gəldikdə isə xəsislik edərlər, qorxaqlar (xətərlə üzləşdikdə) səni və öz doğma ata-anasını qoyub qaçmağa belə hazır olarlar. O ki qaldı yalançılara, onlar düz danışsalar da, dediklərinə inanma».