Nəql olunmuş bir çox hədislərdə qəzəbin həddən artıq mənfi xüsusiyyət olduğu göstərilmiş və müsəlmanlara bu xoşagəlməz xüsusiyyətdən uzaq olmaları tövsiyə olunmuşdur. Bəzi hədislərdə qəzəbin hətta bütün pisliklərin əsas səbəbkarı (açarı) olduğu göstərilir. İmam Sadiq (ə) buyurur:

"Qəzəb bütün pisliklərin açarıdır".

Əli (ə) buyurur:

"Qəzəb elə bir şeydir ki, əgər onu özbaşına buraxsan, hər şeyi dağıdar və viran edər".

"Qəzəb öz sahibini həlak edər və eyblərini üzə çıxarar".

"Qəzəb gizli kinləri aşkar edər".

Digər hədislərdə qəzəb şöləli alova bənzədilir.

Peyğəmbər (s) buyurur:

"Qəzəb, şeytanın alov şöləsindəndir".

Əli (ə) buyurur:

"Qəzəb şölələnən bir alovdur. Onu udan şəxs söndürər, udmadıqda isə özünü onun içərisinə atar".

"Qəzəbdən uzaq olmağa çalışın, çünki qəzəb iblisin böyük qoşunlarından biridir".

Bəzi hədislərdə isə qəzəb dəli-divanəliyə bənzədilir.

Əli (ə) buyurur:

"Qəzəbdən uzaq olmağa çalışın, çünki, qəzəbin əvvəli dəlilik, sonu isə peşimançılıqdır".

"Qəzəb bir növ dəlilikdir. Çünki, qəzəblənən şəxs tutduğu işdən peşiman olur. Yox əgər peşiman olmazsa, dəliliyinin daha da gücləndiyi bəlli olur".

"Qəzəb əql və düşüncəni korlayır və insanı düz yoldan uzaqlaşdırır".

İmam Sadiq (ə) buyurur:

"Qəzəbinə yiyələnməyən şəxs, əqlinə də yiyələnməmişdir".

Bəs insan öz qəzəbini cilovladıqda necə? Belə bir xüsusiyyətə yiyələnməsi yenə də mənfi haldırmı?

Bu məzmunda nəql olunmuş bir çox hədislərdə insanın belə bir xüsusiyyətə malik olması müsbət hal kimi göstərilir.

Əli (ə) buyurur:

"Ən böyük var-dövlət insanın öz qəzəbini boğmasıdır". (Qəzəbləndiyi zaman özünü idarə edə bilməsidir.)

"İnsanların ən güclüsü o kəsdir ki, qəzəblənməsin (və ya qəzəbləndiyi zaman özünü ələ ala bilsin)".

"Qəzəbini boğa bilən şəxs şeytana qalib gəlmiş olur. Şeytan isə qəzəbini boğa bilməyən kəsləri öz ixtiyarına alar".

"Qəzəb sizin düşməninizdir. Elə isə özünüzü onun ixtiyarına buraxmayın (onun qarşısında təslim olmayın)".

"Qəzəb və şəhvəti ağlına qalib gələn şəxslər dörd ayaqlı heyvanlara bənzərlər".

Nəql olunmuş hədislərdə qəzəbinə qalib gələn şəxslər ən iradəli və qüdrətli insanlar kimi qiymətləndirilirlər.

Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş hədisdə deyilir:

"Güc və qüdrət güləşməkdə və sınanmaqda deyildir. Ən qüdrətli insan o kəsdir ki, qəzəbləndiyi zaman özünü ələ ala bilsin".

"Həqiqi pəhləvan (Həzrət (s) bu kəlməni üç dəfə təkrar edir) o kəsdir ki, qəzəbləndiyi zaman rəngi qızarır, bədəni əsir, lakin öz qəzəbini boğa bilir".

Əli (ə) buyurur:

"İnsanların ən güclüsü o kəsdir ki, qəzəbləndiyi zaman özünü ələ ala bilsin".

İmam Baqir (ə) buyurur:

"Qəzəbini yatırdan şəxsdən qüdrətli kəs yoxdur".

Peyğəmbərin (s) dövrünə dəlalət edən hədislərdən birində deyilir:

"Köçəri ərəblərdən biri Mədinəyə gəlib Həzrət Peyğəmbərdən (s) ona nəsihət etməsini xahiş edir. Peyğəmbər (s) ona yalnız bunu deyir:

"Qəzəblənmə!"

Həmin şəxs ona edilən bu kiçik tövsiyə ilə qənaətlənib öz qəbiləsinin yanına qayıdır. O, öz el-obasına yetişdikdə görür ki, onun qəbiləsindən olan bir şəxs digər qəbilənin malını qarət etmiş, bunun üçün də iki qəbilə arasında qarşıdurma yaranmış və hər iki tərəfdən xəsarət alanlar olmuşdur. Dərhal qılıncını siyirib intiqam almaq istəyir. Lakin birdən Peyğəmbərin (s) "qəzəblənmə!" deyərək ona tövsiyə etdiyi söz yadına düşür. Bir qədər fikrə gedir və öz-özünə düşünür, nə üçün haqsız qan töküb, ölümlə üz-üzə gəlməlidi? O həmin qəbilənin yanına gəlib deyir: «Gəlin artıq qan tökməyək, nə qədər xəsarət almısınızsa mənim var-dövlətimdən götürün». Qəbilə başçıları onun bu sözlərini eşidib bayaqkı düşmənçiliyi kənara qoyub cavab verirlər. Mərdlikdə biz də səndən geri qalan deyilik. Elə isə biz də öz haqqımızdan keçirik. Beləliklə, Peyğəmbərin (s) etdiyi hikmət dolu kiçik tövsiyə haqsız qanların tökülməsinin, el-obaların viran qalıb yandırılmasının qarşısını alır.

Bu hədisdə iki mühüm məsələyə toxunulur:

1. Qəzəb bir mənfi xüsusiyyət kimi məzəmmət olunmalıdır;

2. Qəzəblənərkən insan özünü ələ ala bilməyi bacarmalıdır.

Lakin nəql olunmuş növbəti hədislərdə olduqca əhəmiyyət kəsb edən üçüncü məsələ ilə də qarşılaşırıq. O da Allah yolunda qəzəblənmək və haqq-ədalət uğrunda mübarizə aparmaqdır.

Əli (ə) buyurur:

"Allah yolunda qəzəb qılıncını itiləyən şəxs küfr əhlinin (haqdan uzaq düşmüş) pəhləvanlarını qətlə yetirməyə daha çox qadir olar".

"Fasiqlərlə düşmənçilik edən şəxs Allaha xatir qəzəblənərsə, Allah da ona xatir qəzəblənər və Qiyamət günü ona sevinc və şadlıq nəsib edər".

Həzrət Musa (ə) Allaha etdiyi münacatların birində soruşur:

"Qiyamət günü Sənin kölgəndən başqa heç bir kölgə olmadığı bir halda, Sənin sakinlərin kimlərdirlər ki, onlara Öz ərşində sığınacaq verirsən?"

Allah-taaladan belə bir xitab gəlir:

"O kəslər ki, haram etdiyim şeylərin halal olunduğunu görüb yaralanmış pələng kimi qəzəblənərlər".

Nəql olunmuş hədislərdən belə bir nəticəyə gəlmək olur ki, Allah-taala qəzəb hissini insanların fitrətində ona görə qərar vermişdir ki, onlar düşmən müqabilində din və əqidələrinin qorunmasında layiqincə müqavimət göstərə bilsinlər. Demək, bu daxili qüvvədən yalnız o zaman istifadə etməliyik ki, haqq olan dinimizə, namus və əqidəmizə düşmənlər tərəfindən təcavüz və ya hörmətsizlik edilmiş olsun. Varlığını ilahi nemət hesab edən hər bir saf əqidəli müsəlman Allah düşmənlərini öz düşməni sanmalı, ilahi qanunlara qarşı olan hər hansı bir hörmətsizliyi öz şərəf və namusuna qarşı hörmətsizlik hesab etməli və haqq-ədalətin müdafiəsində əlindən gələni əsirgəməməlidir. O, düşmənə qarşı olduqca qətiyyətli və barışmaz mövqe tutmalıdır.

Qurani-Kərimin bir çox ayələrində də Peyğəmbərin (s) kafir və münafiqlərə qarşı mübarizə aparmasına əmr olunduğunun şahidi oluruq:

"[Ya Peyğəmbər!] Kafirlərə və münafiqlərə qarşı vuruş! [Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!] Onlarla sərt davran!..."

Başqa bir yerdə deyilir:

"...Onunla [Peyğəmbərlə (s)] birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər..."

Lakin mömin və iman sahiblərinə gəldikdə qəzəb və digər mənfi xüsusiyyətlər kənara qoyulmalı, onlarla səmimiyyət və mehribançılıqla rəftar olunmalıdır. Dərsin əvvəlində nəql olunmuş hədislər də məhz bu mətləbə dəlalət edir.