İnsanlar qədim zamanlardan bəri hansı millət və mədəniyyətə mənsub olmalarından asılı olmayaraq, bir-birləri ilə görüşərkən sevinc, istək və rəğbətlərini bildirmək üçün özlərinə məxsus ünsiyyət formaları seçmiş, öz hiss və duyğularını müxtəlif hərəkətlərlə çatdırmaq istəmişlər. İslam mədəniyyətində bu xoş məram və rəğbət hissi «salam» sözü ilə ifadə olunmuş və tərəf müqabillərin əl-ələ və ya çiyin-çiyinə görüşmələri ilə bildirilmişdir. İmam Sadiq (ə) bu haqda buyurur:

«Salam bizim ümmətin salamlaşma tərzi və Allahın bizim üçün pənah və sığınacağıdır».

Qurani-kərimin bir çox ayələrində müsəlmanlara «salam» vermək islami və ilahi bir iş kimi xatırladılır:

...

«...Evlərə daxil olduğunuz zaman özünüzü [bir-birinizi, qohum-əqrəbanızı, dostlarınızı və dindaşlarınızı] Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah öz ayələrini sizə belə izah edir ki, bəlkə düşünüb daşınasınız».

«Rəhmanın [əsl] bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları [xoşlarına gəlməyən bir söz dedikləri] zaman onlarla gözəl, yumşaq danışarlar».

Yəni, cahillər onlara [müsəlmanlara] xoşagəlməz sözlər dedikdə, onlarla gözəl və mülayim danışarlar.

Həzrət İbrahimin (ə) əhvalatında (dastanında) deyilir: İbrahim (ə) bütlərə boyun əymədikdə əmisi onun daşqalaq olunacağı ilə hədələyir.

«İbrahim belə cavab verir: Sənə salam olsun! [Allah özü sənə rəhm etsin. Məndən sənə heç bir pislik gəlməz]. Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O, mənə qarşı çox mehriban, lütfkardır [duamı qəbul edər!]».

Elə həmin əhvalatda deyilir: Mələklər İbrahimin (ə) yanına nazil olub salam verdikdə onlarla salamlaşaraq belə cavab verir:

«Həqiqətən, elçilərimiz [mələklər] İbrahimin yanına müjdə [İshaqın anadan olacağı xəbəri] ilə gəlib: Salam! - dedilər. İbrahim də: Salam! - deyə cavab verdi...»

Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql olunmuş bir çox hədislərdə bu məsələyə dəfələrlə toxunulmuş və müsəlmanlar bu gözəl adət-ənənəyə sövq olunmuşlar. Misal olaraq onlardan bir neçəsinə işarə edirik:

Peyğəmbər (s) buyurur: «Cənnətdə elə evlər vardır ki, içəridən çölü, çöldən isə içərisini görmək olur. Bu evlərə ümmətimdən yalnız o kəslər sakin olar ki, camaatla yumşaq davranıb uca səslə onlara salam versin və yoxsullara yemək verib gecələri namaz [gecə namazı] qılıb ibadətlə keçirmiş olsunlar». Peyğəmbər (s) Əbdülmütəllib övladlarına müraciət edərək buyurdu: «Ey Əbdülmütəllib övladları! [Bir-birinizlə] uca səslə, açıq-aydın salamlaşın, qohum-əqrəbalarınızdan hal-əhval tutun, camaat şirin yuxuda olduqları zaman gecələri ibadətlə keçirin, yoxsullara yemək verin, camaata gözəl sözlər deyin ki, Cənnətə daxil olasınız».

Peyğəmbər (s) buyurur:

«Qarşılaşdığınız hər bir şəxs və ev sakinləri ilə salamlaşın ki, Allah-taala yaxşı işlərinizi və xeyir-bərəkətinizi artırsın».

Peyğəmbər (s) buyurur: «Salam Allah-taalanın adlarından biridir. Elə isə onu uca səslə deyin».

İmam Sadiq (ə) buyurur: «Allahın salam və rəhməti sənə şamil olsun» - deyən şəxslərin əməl dəftərlərinə iyirmi beş savab yazılar».

SALAM VERMƏYİN QAYDALARI

Salamın əhəmiyyəti ilə tanış olduqdan sonra onun necə verilməsi və qaydaları haqda da ümumi məlumat əldə etmək yerinə düşərdi.

1. Salamlaşmaq xeyirli iş olduğu üçün Allah-taala Qurani-kərimdə bu haqda buyurur:

"...Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın..."

Elə isə möminlər salam verməkdə bir-birlərini qabaqlamağa çalışmalıdırlar. Peyğəmbərin (s) həyatına nəzər saldıqda bu həqiqətin şahidi oluruq ki, o Həzrət qarşılaşdığı bütün şəxslərdən əvvəl salam verər və onları qabaqlamağa qoymazdı.

Əli (ə) bu haqda buyurur:

"Salamın yetmiş savabı vardır, altımış doqquzu salam verənin, biri isə salamı alanın payına düşər".

İmam Sadiq (ə) buyurur:

"[Sözünü] salamla başlayan şəxs Allaha və Onun Peyğəmbərinə (s) daha yaxındır".

2. Salam və onun cavabı uca səslə verilməlidir ki, həmin şəxs salamın cavabını eşidə bilsin.

İmam Sadiq (ə) bu haqda buyurur:

"Salamı uca səslə verin ki, sonra deməyəsiniz ki, salam verdim, amma salamımı almadı. Çünki salamı asta verdiyiniz üçün onlar da onu eşitməyə bilərlər. Başqalarının salamını aldıqda da uca səslə dillənin ki, (onlar da) deməsinlər ki, salam verdim, amma cavab vermədi".

3. Salam hər sözə başlamazdan əvvəl verilməlidir.

Peyğəmbər (s) bu haqda buyurur:

"Salam vermədən əvvəl sözə başlayan şəxslərə cavab verməyin".

Başqa bir hədisdə buyurur:

"Salam verməyənədək bir kəsi süfrənə dəvət etmə".

İmam Hüseyn (ə) buyurur:

"Salam vermədən bir kəsə iş görməyə icazə verməyin".

3. Hər bir şəraitdə salam vermək gözəl xüsusiyyətdir.

Peyğəmbər (s) yol gedərkən hətta küçədəki azyaşlı uşaqlara də salam verərdi. Peyğəmbər (s) özü bu haqda buyurur:

"Beş şeyi ömrümün sonunadək tərk etməyəcəyəm. Onlardan biri uşaqlara salam verməkdir. Onlara salam verirəm ki, bu, məndən sonrakılar üçün də adət kimi qalsın".

4. İslam dinində kimlərin əvvəl salam vermələrinə də müəyyən şərtlər qoyulmuşdur.

Peyğəmbər (s) bunu belə izah edir:

"Atlı piyadaya, atlı qatıra minənə, kiçik böyüyə, az kütlə özündən sayca çox olan kütləyə, ayaq üstə olan oturana salam verməlidir".

5. Salamın cavabı daha gözəl tərzdə və ya heç olmasa həmin qaydada alınmalıdır.

Nisa surəsinin 86-cı ayəsində bu haqda deyilir:

"Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya [eynilə sahibinə] qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır".

Hədislərdən birində deyilir: Səhabələrindən biri Peyğəmbərin (s) yanına gəlib o Həzrətə "əssəlamu ələyk" ifadəsi ilə salam verir. Peyğəmbər (s) cavabında buyurur: "Ələykəs-səlam və rəhmətullah". Başqa birisi "əssəlamu əlyəkə və rəhmətullah" - deyərək salam verir. Peyğəmbər (s) cavabında buyurur: "Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh". Üçüncü bir şəxs gəlib "əssəlamu əlyəkə və rəhmətullahi və bərəkatuh" - deyərək salamlaşır. Peyğəmbər (s) həmin qaydada "əssəlamu əlyəkə və rəhmətullahi və bərəkatuh" - buyuraraq salamın cavabını verir. Orada olan və Peyğəmbərin (s) verdiyi bütün cavabları eşidən səhabələrdən biri o Həzrətə deyir:

- Ya Rəsulləllah! Birinci və ikinci şəxsin verdiyi salamın cavabına bir söz artırdınız, üçüncü şəxsin salamını isə olduğu kimi qaytardınız...

Peyğəmbər (s) buyurdu: "Çünki o, artırmaq üçün bir şey qoymadı. Mən də ona həmin qaydada cavab verdim".